SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Qulu Ağsəs: Əvvəl jurnalistdən düz söz yaz tələb edirdik, indi isə deyirik sözü düz yaz

Qulu Ağsəs: Əvvəl jurnalistdən "düz söz yaz" tələb edirdik, indi isə deyirik "sözü düz yaz"

“Ulduz” jurnalının baş redaktoru, əməkdar jurnalist, şair Qulu Ağsəs Yurd.Media-ya müsahibəsində mətbuatın bugünkü durumu ilə bağlı fikirlərini bölüşüb.

– Bu gün müxbirdən xəbəri operativ, artıq redaktə olunmuş  şəkildə redaksiyaya göndərməsi tələb olunur. Bu isə süni intellektdən istifadəni qaçılmaz edir. Sizcə, bu tendensiya davam etsə, redaktorun işi nə olacaq?

– Əlbəttə, həyat, iş, fəaliyyət varsa, problem də olacaq. Yeni tendensiyalar, yeni yanaşmalar dünyanı başına götürüb. Yazını süni intellektlə redaktə etmək mənə çox gülməli gəlsə də, digər tərəfdən ağır və ağlamalı görünür. Yəni yazının redaktəsinin süni intellektin ixtiyarına buraxılmasını artıq hiss etməyə başlamışam. Mənim üçün duyğusuz, hisssiz yazılar hansısa süni intellektin yazısı kimidir, sadəcə təbii intellektlə yazılmış olur. O, təbii ki, şeir də, hekayə də yazır, amma orada ürək yoxdur, göz yaşı yoxdur, həyəcan yoxdur. Çağdaş müxbirdən indi çox şey tələb olunur: xəbəri anında vermək, operativ olmaq. Bu gün Azərbaycan mətbuatında korrektor ştatı sıradan çıxıb. Guya hamı çox düzgün yazır və bu peşəyə ehtiyac yoxdur. Mən elektron mediada, kitablarda, hətta filmlərin altyazılarında o qədər səhv tuturam ki. Korrektor ştatı sıradan çıxır, təəssüf ki, redaktor ştatını da eyni aqibət gözləyir. Bu, böyük problemlərə gətirib çıxaracaq. Super insan olmaq olar, amma fövqəladə insan olmaq çətindir. Hər baş redaktor gərək özünə səslənsin ki, bu problemi həll etsin. Belə ixtisarlar mətbuatı da ixtisara sala bilər.

– Siz uzun illərdir mətbuatda redaktor və yazar kimi fəaliyyət göstərirsiniz. O günün və bu günün mətbuatı arasında nə fərq var?

- 1991-ci ildən mətbuatdayam. Mən mətbuata gələndə onun bir amalı var idi müstəqillik əldə etmək, Qarabağın işğalının qarşısını almaq, erməni təcavüzünə qarşı mübarizə aparmaq. Prioritet əsas bu idi. Sonra dövr dəyişdi. Hamı anlayırdı ki, mətbuata, yazıya münasibət dəyişir. O zaman analitik yazılar daha çox aktual idi. 80-ci illərin sonu, 90-cı illərin əvvəli Bakı qəzet şəhəri idi. Hər kəsin əlində qəzet var idi. Təəssüf ki, sonra şəhərin siması dəyişdi. O vaxtla bu günü müqayisə etmək qeyri-peşəkar olardı. Hər şey vaxta bağlıdır. O vaxt müstəqillik, Qarabağ savaşı, məcburi köçkünlərin problemləri var idi və mətbuat misilsiz işlər görürdü. Sonrakı illərdə birdən-birə hamının qəzet çıxarmaq imkanı yarandı və bu, bir növ dəbə çevrildi. Ölkədə ən gülünc adlarda qəzetlər var idi. Çalışanların da hamısı yazı-pozu adamı deyildi. O bir dövr idi, keçdi getdi. Qalan qəzetlər isə baş redaktorun nüfuzunu qoruyanlar idi. Mən çox qəzetlərdə işləmişəm. Onların çoxu indi yaşamır. Yaxşı qəzet həm də odur ki, illərin sınağından keçib. Bu gün mətbuat çox fərqlidir. Əvvəl jurnalisti barmaqla göstərirdilər, indi isə hər kəs jurnalist olub – bloger də, tiktoker də, canlı yayım açan da. Onlar isə peşəkar jurnalist deyillər. Əksinə peşəkar jurnalistikanı basıb yeyirlər. Mənə tez-tez verilən suallardan biri də budur ki, niyə blogerlərə daha çox baxılır, blogerlə jurnalistin fərqi nədir? Jurnalist məlumatı hər iki tərəfin mövqeyini verməklə çatdırmalıdır, istinad etməlidir. Onlar isə birtərəfli yanaşırlar və həqiqəti özləri müəyyənləşdirirlər. Oxucu həqiqəti özü seçməlidir, bloger isə özü həm hakim olur, həm də qərar verir. Onların əlində "cəsarət" kimi bir silah var. Sayt və qəzet hər dediyi sözə görə məsuliyyət daşıyır, onlar isə yox. Kütlə buna görə fenomenləri sevir. Jurnalist isə məsuliyyət daşıdığı üçün ehtiyatlı davranmalıdır. Xalq da "cəsarətli" fenomenlərə üstünlük verir. Onlar ittiham edə, fikirlərini açıq deyə bilirlər. Jurnalist tərəf olmur. Necə ki, həkim xəstələr arasında ayrı-seçkilik edə bilməz, jurnalist də tərəf olmamalıdır.

– Bildiyim kimi, siz sosial şəbəkədən az istifadə edirsiniz. Haradasa hesabınız varmı?

- Əvvəl feysbukda var idim. Sonra anladım ki, yerim deyil, hesabımı bağladım. Hazırda yalnız instaqramda səhifəm var. O da təsadüfən alındı. Kimsə səhifə açıb şeirlərimi paylaşırdı, adımdan yazılar gedirdi. Dostum təklif etdi ki, rəsmi bir səhifə açım ki, oxucular bilsinlər bu mənəm və adımdan istifadə edə bilməsinlər.

– Bəs xəbərin sosial şəbəkədən götürülməsinə münasibətiniz necədir?

- Jurnalist hər yerdən xəbər tapa bilər və sosial şəbəkə onun üçün ən operativ yerdir. Xəbəri rəsmi mənbə ilə dəqiqləşdirib vermək lazımdır. Bu şərtdir.

– Siz bir yazar, redaktor kimi yaxşı və pis yazını oxuyanda nə hiss edirsiniz?

- Əlimdən saysız-hesabsız yazılar keçib. Sözün düzü, yaxşı yazı azdır. İnsanlar yazı yazmağı bir şöhrət vasitəsi kimi görürlər. Düşünürlər, jurnalist və ya yazıçı olsalar, hamı onları tanıyacaq. Əvvəl biz jurnalistdən "düz söz yaz" tələb edirdik, indi isə deyirik ki, "sözü düz yaz". Sözü düzgün yazın ki, işimiz çox olmasın. Ernest Heminqueyin bir sözü var: "Elə insanlar var ki, onlarla yaşamaq rahatdır, amma onlarsız yaşamaq daha rahatdır. Elələri də var ki, onlarla yaşamaq çətindir, amma onlarsız yaşamaq isə daha çətindir." Mən onun bu sözünü tək Azərbaycan yox, dünya mətbuatına da aid etmək istəyirəm. Mətbuatla yola getmək çox çətindir, bəzən mümkün deyil. Lakin mətbuatsız yaşamaq da mümkün deyil. Təsəvvür edin ki, səhər oyanırsınız, sayt yoxdur, radio yoxdur, televiziya yoxdur. Heç bir yerdən xəbər ala bilmirsiniz. İnsan dəli ola bilər. Hər səhər oyananda ilk andan xəbərləri oxuyuram. Düzdür, siyasət və iqtisadiyyat xəbərlərini çox izləmirəm, amma digər sahələri izləyirəm. Aldığım qəzeti başdan sona qədər oxuyuram, hətta üzərində qeydlər aparır və redaktə edirəm. Təəssüf ki, dünyanı mətbuatsız görmək istəyən insanlar var. Düzdür, indi televiziyaya az baxılır. Lakin radio dünyada öz nüfuzunu yenidən qaytarıb. Dünyanın iri dövlət rəhbərləri də xalqa müraciətlərini radio ilə etməyə başlayıblar. Radio insana mane olmur, fon kimi istifadə oluna bilir. Televiziyanın geriləməsi isə məqbuldur, illərlə televiziyanı açmayan nə qədər insan var. Xəbəri telefon, noutbuk, radiodan ala bilirlər.

– "Ulduz" jurnalının bu gün oxucu kütləsi kimdir və siz dövrlə ayaqlaşa bilirsinizmi?

- Biz yubileyə hazırlaşırıq. Gələn ilin yanvarında jurnalın 60 illiyi olacaq. Bu, tarixi bir jurnaldır. Burada Azərbaycanın klassikləri çalışıb, ən böyük qələm adamları fəaliyyət göstəriblər. Onlar bu jurnalı bu günə qədər yaşadıblar və mən də kollektivimizlə buna görə fəxr edirəm. 1967-ci ilin yanvarında ilk sayı çıxıb. İlk baş redaktoru Cabir Novruz olub. Sonra Akif Hüseynov, Yusif Səmədoğlu, 90-cı illərdə isə Ələkbər Salahzadə baş redaktor olub. 2014-cü ildən isə mən. Burada Azərbaycan ədəbiyyatının klassikləri çalışıb və biz klassik ədəbiyyat ənənəsini davam etdiririk. Aylıq nəsr dərc olunur, müxtəlif layihələr həyata keçiririk. Abunəçilərimiz kifayət qədərdir, əsasən də alimlər. İstəyirəm ki, "Ulduz" jurnalının ulduzu hər zaman işıldasın.

– Sizin bu yaxınlarda yeni kitabınız işıq üzü görüb. Əvvəlki illərdə yazılmış kitablarınızı isə tapmaq olmur. Onların satışını yenidən təşkil etmək fikriniz varmı?

- Əlbəttə, elə fikrim var. "Sənsən hər yer" kitabının üç təqdimatını keçirdim və bütün kitablar satıldı, bir hissəsini də hədiyyə verdim, elə oradaca qurtardı. Sonra "Nabran novellası" çıxdı, o da bir günün içində qurtardı. Hətta xarici ölkələrdə çap olunan kitablarım da var. Hazırda “Saat 6-nı gözləyirəm” adlı esselər toplusu satışdadır.

FOTO: Sadıq Əliverdibəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları