Hedef Arama Kurtarma ve Uluslararası İnsani Yardım Derneğinin qurucu sədri Çağrı Tuna Bakı Milli Geyim evinin rəhbəri mərhum Könül Vəlibəylinin qızı Ləmanın müalicəsi, yardım kampaniyası və bu günə qədər görülən işlərlə bağlı geniş açıqlama verib.
Çağrı Tuna bildirib ki, Ləmanın müalicəsinin yarımçıq qalmaması, onun sağlamlığına qovuşaraq Azərbaycana dönməsi üçün yardım kampaniyası davam etdiriləcək.
“Mən, Çağrı Tuna, Hedef Arama Kurtarma ve Uluslararası İnsani Yardım Derneğinin qurucu sədriyəm.
Dərnəyimiz 2023-cü ilin yanvar ayında axtarış-xilasetmə işlərinin həyata keçirilməsi və beynəlxalq səviyyədə ehtiyacı olan insanlara humanitar yardım göstərilməsi məqsədilə yaradılıb.
Fəaliyyətimizin ilk ayında ölkəmizdə baş verən və “Əsrin fəlakəti” kimi qiymətləndirdiyimiz böyük zəlzələ zamanı axtarış-xilasetmə, dağıntılar altından insanların çıxarılması və humanitar yardım işlərində iştirak etdik.

Zəlzələdən sonra Hatayda bir il müddətində çadır düşərgəsi quraraq zəlzələdən zərər çəkmiş ailələrin ehtiyaclarının qarşılanmasına dəstək verdik. Bununla yanaşı, Türkiyənin müxtəlif bölgələrində baş verən yanğın fəlakətlərində də xilasetmə və humanitar yardım fəaliyyətlərinə qoşulduq.
Fəaliyyətimizin 3,5 ili ərzində Türkiyə başda olmaqla Suriya, Afrikanın Çad, Kamerun, Uqanda və Tanzaniya ölkələrində, həmçinin Əfqanıstan və Qəzza bölgəsində sığınacaq, səhiyyə, ərzaq və təhsil kimi əsas ehtiyac sahələri üzrə müxtəlif humanitar layihələr həyata keçirmişik. Səhiyyə və humanitar yardım istiqamətində gördüyümüz işlər nəticəsində adımız Türkiyədə və Avropada bir çox platformada tanınıb.

Ləmanla tanışlığımız Almaniyada fəaliyyət göstərən və birgə layihələr həyata keçirdiyimiz First Care Derneği vasitəsilə baş verdi.
Dərnəyin sədri Elif xanımın bizə Ləman haqqında göndərdiyi məlumat və görüntülərdən sonra onun vəziyyəti ilə yaxından maraqlanmağa başladıq. Daha sonra Ləmanı İstanbulda, Göztepe Medical Park Xəstəxanasında ziyarət etdik və müalicə prosesi ilə bağlı ətraflı məlumat aldıq.
Öyrəndik ki, Ləmanın Azərbaycanda başlayan müalicə prosesi olduqca çətin keçib. Son olaraq Medical Park Xəstəxanasında onun müalicəsi ümidverici mərhələyə daxil olub. Lakin bütün bu müddət ərzində ailə malik olduğu maddi imkanların demək olar ki, hamısını müalicəyə sərf edib və hazırda Ləmanın müalicə aldığı xəstəxanaya ciddi məbləğdə borcu yaranıb.

Əldə etdiyimiz məlumatlardan sonra dərnəyimizin rəhbərliyi ilə Almaniyanın First Care Derneği rəhbərliyi arasında fikir mübadiləsi apardıq və Ləman üçün yardım kampaniyasına başlamaq qərarına gəldik.
Dərnəyimizin rəhbərlərindən biri olan əczaçı Emine Karal xanım Ləmanın həm sağlamlıq vəziyyəti, həm də digər ehtiyacları ilə yaxından maraqlanmaq, onu gündəlik ziyarət etmək və vəziyyəti barədə mütəmadi məlumat almaq məsuliyyətini üzərinə götürdü.
Beləliklə, Ləmanla olan yolumuz başladı.
Müalicənin tamamlanması üçün 40 min dollar tələb olunur
İlk olaraq Medical Park Xəstəxanasının rəhbərliyi ilə görüşərək Ləmanın xəstəxanaya qəbul olunduğu gündən həmin tarixədək keçdiyi müalicə prosesi barədə ətraflı məlumat aldıq.
Bizə bildirildi ki, müalicənin tam şəkildə başa çatdırılması üçün ümumilikdə təxminən 40 min ABŞ dolları məbləğində ödəniş tələb olunur. Ailənin isə artıq 20 min dollara yaxın borcu yaranıb.
Müalicənin bu günə qədər davam etdirilməsi xəstəxana rəhbərliyinin göstərdiyi anlayış və dəstək sayəsində mümkün olub.

Görüşlərdən sonra xəstəxana rəhbərliyinə bildirdik ki, mövcud borcun və bundan sonrakı müalicə mərhələləri üçün tələb olunan ödənişlərin qarşılanması məqsədilə Ləmanın adına yardım kampaniyası başladacağıq. Kampaniya çərçivəsində toplanan vəsaitləri müəyyən dövrlərdə xəstəxananın hesabına köçürəcəyimizi də öhdəmizə götürdük.
Xəstəxana rəhbərliyi də bu öhdəliyimizi nəzərə alaraq Ləman üçün zəruri olan stent qoyulması əməliyyatının həyata keçirilməsinə razılıq verdi.
İlk mərhələdə Ləmanın öz səsini insanlara çatdırmaq məqsədilə video hazırlayaraq sosial media hesablarımızda paylaşdıq.
Bu video vasitəsilə həm Türkiyədə, həm də Azərbaycanda aidiyyəti qurumların, tanınmış şəxslərin və ictimaiyyət nümayəndələrinin diqqətini Ləmanın vəziyyətinə yönəltməyə çalışdıq.
Eyni zamanda Almaniyanın First Care Derneği də öz platformalarında Ləmanla bağlı məlumat və çağırışları paylaşaraq kampaniyamıza dəstək verdi.
Ləman üçün bir çox qurum, təşkilat və tanınmış şəxslə birgə işləməyə hazır olduğumuzu bildirdik. Təəssüf ki, bütün bu çağırışlara baxmayaraq, maddi və mənəvi dəstək gözlədiyimiz səviyyədə olmadı.
Azərbaycanın tanınmış sənətçisi Azerin xanım sosial media hesabında Ləmanla bağlı paylaşım etdi. Həmçinin məsələni yaxından izləyən Hacı Quliyev bəy sosial media paylaşımları ilə davamlı şəkildə dəstək göstərdi.
Bununla yanaşı, müxtəlif qurum və şəxslərdən dəstək almaq üçün müraciətlərimizi davam etdirdik.
Bütün bunlara baxmayaraq, biz geri addım atmadıq. Müxtəlif foto və video materiallarla Ləmanın vəziyyətini ictimaiyyətə çatdırmağa davam etdik.
Bu prosesin bütün mərhələlərində Hedef Arama Kurtarma ve Uluslararası İnsani Yardım Derneği və Almaniyanın First Care Derneği birlikdə fəaliyyət göstərib.
İlk 5 min dollarlıq ödəniş həyata keçirilib
Bağışçılarımızın dəstəyi ilə bizdən tələb olunan ilk ödəniş – 5 min ABŞ dolları – xəstəxananın hesabına yatırılıb.
Yay mövsümü olması səbəbindən yardım kampaniyasının müəyyən qədər yavaş irəliləyə biləcəyini əvvəlcədən nəzərə almışdıq. Bu məsələni xəstəxana rəhbərliyi ilə də müzakirə etdik.
Onlara bundan sonra da Ləmanın müalicəsi üçün yardım çağırışlarını davam etdirəcəyimizi və müalicə prosesində heç bir fasilənin yaranmasını istəmədiyimizi bildirdik.
Bizim mövqeyimiz dəyişməyib.
Ləman tam sağlamlığına qovuşana və xəstəxanaya olan borcları ödənilənə qədər bu kampaniya davam edəcək.
Kampaniyanın daha geniş auditoriyaya çatdırılması üçün dərnək rəhbərliyi olaraq iş adamlarına, şirkətlərə və müxtəlif qurumlara məktub və müraciətlər göndərməyə davam edəcəyik.
Sosial media platformalarında da Ləmanın hekayəsinin gündəmdə qalması üçün yeni foto və video materiallar paylaşırıq. İndiyədək iki əlavə video da yayımlamışıq və bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
“Ləmanı öz övladımızdan ayırmırıq”
Ləman bizim üçün artıq sadəcə yardım kampaniyasının bir hissəsi deyil.
“İki dövlət, bir millət” şüarı ilə biz Ləmanı öz övladımızdan ayırmırıq.
Onun hər anında yanında olmağa, sağlam günlərinə çatana qədər bu mübarizəni davam etdirməyə qərarlıyıq.
Bizim ən böyük məqsədimiz Ləmanın müalicəsini tamamlayaraq onu sağlam və xoşbəxt şəkildə Azərbaycana yola salmaqdır.
Ləmanın yanında olan iki böyük insan
Bu prosesdə xüsusi olaraq qeyd etmək istədiyim daha bir məqam var.
Ləman yaşadığı ağır hadisədən sonra anasını itirib və həyat mübarizəsində çox çətin mərhələdən keçib.
Belə bir zamanda İstanbulda onu tək buraxmayan iki insan var: Ləmanın xalası Maya xanım və onun dostu, yaxın insanı Aysel xanım.
Onların fədakarlığını və sədaqətini xüsusi qeyd etmək istəyirəm.
Onlar bizə bir daha göstərdilər ki, bu günümüzdə belə vəfa, mərhəmət, dostluq və fədakarlıq hələ də var.
Ləmanın ən böyük şanslarından biri bu iki gözəl insanın onun həyatında olmasıdır.
Bizim üçün isə ən böyük şans bütün bunlara şahid olmaqdır.
Azərbaycanda yeni görüşlər keçiriləcək
First Care Derneğinin sədri Elif xanım və dərnəyin rəhbərlərindən Tuğba xanım yaxın günlərdə Azərbaycanda olacaqlar.
Onların Azərbaycandakı uşaq evlərindən biri ilə bağlı görüşləri və humanitar fəaliyyət proqramları var.
Arzu edən media nümayəndələri və jurnalistlər onlarla üzbəüz görüşərək Ləmanın vəziyyəti, müalicə prosesi və yardım kampaniyası ilə bağlı müsahibələr də hazırlaya bilərlər.
Biz inanırıq ki, Ləmanın hekayəsi daha çox insana çatdıqca onun müalicəsi üçün lazım olan dəstəyin də artacağına ümid var.
Çünki bu, yalnız müalicə xərcləri məsələsi deyil.
Bu, bir uşağın həyatına sahib çıxmaq məsələsidir.
Biz Ləmanı yarı yolda qoymayacağıq. Onun sağlamlığına qovuşacağı günə qədər yanında olacağıq və onu sağlam, xoşbəxt şəkildə Azərbaycana göndərmək üçün əlimizdən gələn hər şeyi edəcəyik.