Media eksperti, Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu Yurd.Media-ya yeni texnologiyaların müasir gəncliyə, jurnalistikaya təsiri barədə müsahibə verib
- Uzun illərdir təlimçi kimi çalışırsınız. Bu günün gənc jurnalistlərində sizi ən çox təəccübləndirən və ya sevindirən hansı xüsusiyyətlərdir?
- Cəmiyyətdə gənclər barəsində heç də həqiqətə uyğun olmayan stereotiplər dolaşmaqdadır. Kimi dindirsən, deyir indikilər savadsız, kitab oxumayan, dünyadan xəbəri olmayanlardır. “Bu günün gənci telefonda oyun oynamaqdan savayı heç bir işə yararlı deyil” kimi iddiaları da tez-tez eşidirik. Bir sözlə, “nə vardısa elə sovetdə qaldı” deyənlərin çoxu bugünkü gəncliyi dərindən tanımır. Tələbələrlə təlim keçdiyim zaman həm sevindirici, həm də təəccübləndirici hallarla da rastlaşıram. Məsələn, dünya kinosunun tanınmış rejissorlarından olan Jan Lük Qodarı, Andrey Tarkovski, Federiko Fellinini tanıyan, onların çəkdiyi filmləri izləyən xeyli gənclə qarşılaşmışam. Ədəbiyyat, tarix, fəlsəfə, siyasət kimi sahələrdən baş çıxaran nə qədər tələbəm olub. Hamı eyni bilikdə ola bilməz, amma yüksək potensialı olanlar da az deyil.
- Müasir dövrdə uğurlu jurnalist olmaq üçün hansı bilik, bacarıq və şəxsi keyfiyyətə malik olmalısan?
- Nədənsə cəmiyyətin jurnalistdən gözləntiləri həddən artıq yüksəkdir. Sosial mediada qeyri-dəqiq materialları tənqid edən xeyli sayda paylaşımlarla tez-tez rastlaşırıq. Hər kəs jurnalistdən peşəkarlıq, yüksək intellekt, gözəl davranış gözləyir. Əgər kimsə bir kiçik səhv etsə, mütləq ciddi təzyiqlə qarşılaşacaq. Özü də problemin daha çox gənc jurnalistlərə bağlı olduğunu görürük. “Sualı düzgün verə bilmədi”, “etik qaydaları gözləmədi”, “yazısında və nitqində xeyli qüsur var” kimi ifadələrlə hər gün qarşılaşırıq. Müasir dövrdə gənc jurnalist olmaq çox çətindir, hamı səndən nəsə gözləyir, səhv etməyinə isə pis baxılır, dözümsüzlük duyulur. Bu gün gənc jurnalistin əsas çətinliyi təcrübənin olmaması, xəbərin ötürülməsində yol verdiyi lənglik, tələskənlik səbəbindən buraxdığı yanlışlıqlardır. Bunun öhdəsindən gələ bilsə, deməli peşədə qalacaq. Jurnalistikada qalmaq üçün bir neçə vacib şəxsi keyfiyyət tələbi var. Dözümlü, psixoloji cəhətdən möhkəm olmalısan, yoxsa davam gətirə bilməzsən.

- Süni intellekt və yeni rəqəmsal texnologiyalar jurnalistikanı necə dəyişir? Bu yeniliklər jurnalistlər üçün daha çox imkan yaradır, yoxsa risk?
- Süni intellekt və yeni rəqəmsal texnologiyalar media sahəsini xeyli dəyişib. Əvvəl çətin görünən işlər bu gün bir anın içində görülə bilir. Demək olar, istifadə etdiyimiz hər bir proqramda, axtarış sistemlərində, müxtəlif platformalarda süni intellektə inteqrasiya müşahidə olunur. Hətta adi ünsiyyət üçün yararlandığımız vatsap kimi platformaların də işi sürətlənib. Artıq proqramın yaddaşında bizim tez-tez istifadə etdiyimiz ifadələr, hadisələr belə qeyd olunub. Hətta ad və soyad kombinasiyaları da ardıcıllıqla gəlir. Əgər yazını yazmağa ərinirsənsə, sadəcə mətni səsləndirib çıxışda yazılı formada ala bilərsən. Digər tərəfdən yeniliklər özü ilə bir sıra problem da yaradır. Biliyi, savadı və bacarığı yerində olan şəxs üçün süni intellekt böyük bir nemətdir. Son araşdırmalar yaşlı insanların süni intellektlə daha effektiv davrandığını təsdiqləyir. Gənc nəsil isə istənilən məlumata inanır. Özü də axtarış sisteminin də bir maraqlı xüsusiyyəti var. Zəkası yüksək olan şəxslərə daha detallı məlumat verilir. İntellekt baxımından zəif bildiyinə isə hər məsələnin sadə cavabını təqdim edir. Məlumatın dəqiqliyini gərək dəfələrlə yoxlayasan.
- Günümüzdə gənc jurnalistlərin qarşılaşdığı ən böyük problemlər və çatışmazlıqlar hansılardır?
- Ən ciddi problem və çatışmazlıq media bazarının elə də gəlirli olmamasıdır. Yəni mətbuat kifayət qədər pul qazana bilmir. Deməli, ən perspektivli və istedadlı kadrlar başqa sahələrə yönəlirlər. Gəlirin olsa, nəsə faydalı iş görmək, ciddi araşdırmalar hazırlamaq, keyfiyyətli kontent ortaya qoymaq olardı. Təəssüf, bu belə deyil. Orta statistik sayt gəlir baxımından heç orta bloqçu ilə rəqabət aparmaq gücündə deyil. Jurnalistikanın etik kodeksi bu tərəfdə, heç bir qanun-qaydaya riayət etmədən məlumat yayan kütlə digər tərəfdə yaşamaq üçün mübarizə aparır. Media bu qarşıdurmada uduzur. Prosesi hansısa bir qərarla tənzimləmək də olmur, çünki bu gün hər bir vətəndaş da elə bloqçuluqla məşğuldur. Biri pişiyini çəkib pul qazanır, digəri isə itini.
- Jurnalistikaya yeni gələnlərə hansı əsas tövsiyələri verərdiniz?
- Peşəyə yönələn gənclərə tövsiyəm əsaslı biliyə sahib olmaq olardı. Bu günün insanı əvvəlki dövrlərə nisbətən daha çox məlumat alır, amma bunun heç bir faydası yoxdur. Qısa videolardan gündə minini izləyən gəncin yaddaşı tədricən aşılanır. Nə desən, deyir unutmuşam, xatırlamıram, bilmirəm. Fundamental bilik sahibi ağı qaradan, yaxşını pisdən rahatca ayıra bilir, amma qeyri-ciddi kontentə yüklənmiş birisi buradan qazandığı məlumatı elə yerindəcə unudur. Ciddi biliyin olmasa, jurnalistikada illərlə ofis tozunu udmaqla məşğul olacaqsan. Heç bir işinlə yadda qalmayacaqsan.
- Sosial şəbəkələrin sürətli inkişafı ənənəvi jurnalistikaya necə təsir edib?
- Sosial şəbəkələrin inkişafı ənənəvi jurnalistikanı xeyli sürətləndirib. Əvvəlki qaydada işləmək mümkünsüzləşib. Orta Əsrlərdə iki dövlət arasında hərbi münaqişə baş verəndə ətraf ölkələr bu barədə bəzən 2-3 ay sonra xəbər tuturdular. Xəbər bir yerdən başqa yerə çatanacan münaqişə bitə də bilərdi. Bu gün isə hazırladığın xəbər uzaqbaşı 10-15 dəqiqə yaşayır. Bəzən bir-iki dəqiqəyə belə aktuallığını itirir. Hamı ciddiliklə gündəmi izləyir, sosial mediada baş verən hadisələrə operativ reaksiya verilir. Xəbər istehsalçılarının böyük əksəriyyəti sosial şəbəkələrdə məlumat paylaşır.
- Azərbaycanda jurnalistika təhsilinin və media təlimlərinin səviyyəsini necə qiymətləndirirsiniz?
- Azərbaycanda jurnalistika təhsili və media təlimlərinin səviyyəsi elə də yüksək deyil. Jurnalistika fakültələrində təhsil alan tələbəyə verdiyim ən adi sualın belə cavabını bəzən ala bilmirəm. Baxırsan, ağıllı birisidir, amma beyni lazımsız məlumatla doludur. Azərbaycanı qonşuluğunda olan ölkələrin adını tam sadalaya bilən tələbəyə nadir halda rast gəlirəm. “Parlament hansı qanunları qəbul edir”, “Nazirlər Kabineti nə işlə məşğuldur” kimi suallar da cavabsız qalır. Akademik təhsildə ciddi işlər görülməlidir. Ölkədə keçirilən media təlimləri də mənzərəni dəyişə bilmir. Təlim adətən neçə müddət davam edir? Adətən bir gün. Belə də uzaqbaşı 3-5 gün ola bilər. Davamlı təlim keçən mərkəzlər ya azdır, ya da bir qədər fəaliyyət göstərib sonra qapadılır. Onlarla belə layihə olub, indi ortada yoxdur. Ən gəlirli sahə nitq üzrə olduğundan bunu biznesə çevirənlər çoxalıb. Həm təlimçi çoxdur, həm də nitqini düzəltmək istəyən şəxslərin sayı çoxalıb. Davamlı və ciddi təlim media kurslarına isə ehtiyac var.

- Gənc jurnalist peşəkar fəaliyyətində etik prinsiplərə necə əməl etməlidir?
- Azərbaycan mətbuatının etik kodeksi çoxdan mövcuddur. Jurnalistika fakültələrində illərlə tədris edilir, internetdə də tapıb oxumaq olar. “Nəyə əməl edək, ya etməyək” sualının da birmənalı cavabı yoxdur. Zaman elə sürətlə dəyişir ki, etik prinsiplərə əməl etmək də çətinləşir. Məsələn, qaydalara görə icazə olmadan kiminsə şəklini çəkib paylaşmaq olmaz. Xüsusilə də uşaqlarla davranışda daha diqqətli olmalıyıq. Bu doğru yanaşmadır, amma bu gün internetdə axtarış verib dünyanın istənilən şəhərini kamera ilə canlı izləmək olar. Bütün böyük şəhərlərdə on minlərlə kamera quraşdırılıb, heç bir problem olmadan istədiyin yerə baxa bilərsən. Şəxsi həyat, məlumatın qorunması anlayışları mənasızlaşıb. “Böyük qardaş” bizi hər yerdə izləyir. Gənc jurnalistlərlə keçirilən təlimlərdə elə konkret vəziyyətləri araşdırıb etik prinsipləri gözləmək barədə fikir mübadiləsi aparırıq. Nəzəri cəhətdən etik qaydaları hamı çox gözəl bilir, real həyatda isə bir çox prinsipə əməl olunmur.
- Milli Mətbuat Günü yaxınlaşır. Qarşıdakı illərdə Azərbaycan jurnalistikasını necə görürsünüz?
- Çətin bir dövrdə yaşayırıq. Yeni texnologiyalar insanı əvəzləyək dərəcədə bir gücə malikdirlər. Haradasa 25-30 il öncə hər bir iri şirkətin mətbuata ehtiyacı vardı. Məhsul barədə məlumatı potensial müştəriyə çatdırmağın yolu media ilə dil tapmaqdan keçirdisə, bu gün bütün nəhəng şirkətlərin milyonlarla izləyicisi olan sosial media səhifələri var. Mətbuata reklam verməyin əhəmiyyəti azalıb. Hər bir insana məlumat birbaşa çatdırıla bilər.
Gözümüzün önündə əvvəlcə çap mediası, sonra televiziya, daha sonra saytlar sıradan çıxdı. Radio da yalnız maşın sürücüləri üçün fəaliyyət göstərir. Süni intellekt tədricən sosial şəbəkələri də sıradan çıxaracaq. Bəzi sosial şəbəkələr və platformalarda artıq böhran yaşanır. Bu gün hamının bəyəndiyi bir tətbiq elə gözümüzün önündəcə ləğv edilir. Məsələn, bir vaxtlar hamının istifadə etdiyi məşhur skayp proqramı artıq dayanıb.
Əgər ölkənin ən baxımlı telekanalının rəhbəri deyirsə ki televiziya “ölüb”, deməli məsələni olduqca ciddi qəbul etməliyik. Məncə, mətbuatın yaşaması üçün özünəməxsus ideyaların tətbiqinə ehtiyac var. Media hansı yolla inkişaf edəcək? Bunu təyin etmək üçün hansısa bir yeni konsepsiyanın hazırlanması gərəkdir. Bəlkə də qorxmağa ehtiyac yoxdur. Ola bilər süni intellekt də bir gün yarandığı kimi, bir gün də yerini başqa texnologiyaya təhvil verəcək.
FOTO: Sadıq Əliverdibəyli