“Bakinski raboçi” qəzeti bugün 120 illik yubileyini qeyd edir.
Əsası 1906-cı il mayın 6-da qoyulan rəsmi dövlət mətbu orqanı Azərbaycanın ən uzunömürlü və köklü rusdilli nəşridir.
Bakının neft sənayesinin yüksəliş dövründə fəaliyyətə başlayan qəzet zamanla imperiya senzurası, sovet ideologiyası və müstəqillik illərinin dəyişiklikləri kimi müxtəlif mərhələləri öz səhifələrində əks etdirib. Qəzetin arxivləri Azərbaycanın neft strategiyasından paytaxtın memarlıq simasının formalaşmasına qədər bir çox mühüm hadisələri əhatə edir.

Baş redaktor İlqar Hüseynov Yurd.Media-ya bildirib ki, qəzet bu illər ərzində yalnız hadisələri işıqlandırmaqla kifayətlənməyib, həm də cəmiyyətin yaddaşını formalaşdıran əsas platformalardan birinə çevrilib. Onun sözlərinə görə, “Bakinski raboçi” müxtəlif nəsil jurnalistlərin əməyi sayəsində milyonlarla insanın həyatını, mübarizəsini və ümidlərini özündə əks etdirən bir salnamə rolunu oynayıb:
“2 dekabr 1923-cü ildə qəzet Azərbaycan SSR-in Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub, 1946-cı ilin iyununda bu ordenlə yenidən mükafatlandırılıb, 1976-cı ilin mayında isə Oktyabr İnqilabı ordeninə layiq görülüb. Bu mükafatlar qəzetin yalnız əməyinin deyil, həm də xalqına xidmət missiyasının tanınması idi. 1976-cı il iyulun 17-də qəzetin 70 illiyinə həsr olunmuş tədbirdə ümummilli lider Heydər Əliyev qeyd etmişdi ki, İkinci Dünya müharibəsinin ağır illərində “Bakinski raboçi” xalqı birləşdirərək mübarizəyə səsləyirdi və cəmiyyətin ruhunu gücləndirirdi. Qəzet bütün fəaliyyəti boyu yalnız hadisələrin xronikaçısı deyil, həm də xalqın taleyinin canlı aynası olub və bu missiyanı bu gün də davam etdirir”.
Baş redaktor İlqar HüseynovBu gün “Bakinski raboçi” klassik qəzetçilik ənənələrini müasir texnologiyalarla birləşdirərək fəaliyyətini davam etdirir.
Qəzet rəqəmsal platformalarda aktiv iştirak edir, multimedia imkanlarından istifadə edir və sosial şəbəkələrdə yenilənmiş brend – "BR Times" adı ilə təqdim olunur. Kollektivdə isə baş redaktor İlqar Hüseynovun rəhbərliyində Hüquq Salmanov, Dilman Musayev, Nataliya Babayeva, Elena Malaxova, İnna Korçaqina, Ruslan Manafov, Tamilla Xəlilova, Fəridə Abbasova, Şəfa Qasımzadə kimi peşəkarlar çalışır.
Zaman dəyişsə də, bəzi adlar aktuallığını qoruyur. 120 il əvvəl çap maşınlarının sədası ilə başlayan “Bakinski raboçi”nin yolu bu gün rəqəmsal medianın sürəti ilə davam edir və o, hələ də bir xalqın yaddaşını yaşadan media orqanı kimi mövqeyini saxlayır.
Yurd.Media kollektivi Azərbaycanın mətbuat tarixində silinməz izlər qoyan, ölkəmizin ən köklü və nüfuzlu nəşrlərindən biri olan "Bakinski raboçi" qəzetinin bütün kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır!