SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Hansı təhlükəlidir: “Sea Breeze”dəki kazino ya şəhərin hər tinindəki Poz qazan?

Hansı təhlükəlidir: “Sea Breeze”dəki kazino ya şəhərin hər tinindəki "Poz qazan"?

  • 11 avqust 2025, 09:56

Son aylarda Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri “Sea Breeze”də kazino yaradılması ideyası oldu. Bunun üçün hüquqi əsas da yaradıldı - Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları təşkil edilməsinə yol açan qanun qəbul olundu. Hər mərhələdə də sosial şəbəkələrdə müzakirələr daha qızğın xarakter aldı. Axırda “Sea Breeze” təsisçisi Emin Ağalarov ətraflı məlumat verərək bu kazinonun elit təbəqə, xarici turistlər üçün olacağını, ərazisinə 21 yaşdan aşağı şəxslərin buraxılmayacağını bildirdi.

Ərazisi 100 min kvadrat metrədək olacaq kazino bəlkə də öz ölçüləri ilə bu qədər insanın diqqətini cəlb edib. İllərdi küçə və meydanlara səpələnmiş xırda qumarxanalar diqqət çəkməsə də beyinləri zəhərləyən fəaliyyəti göz qabağındadır.

Son illərdə Azərlotereya brendinin — gənclər arasında sürətlə yayılması ciddi narahatlıq doğurur. Reklamlar, ucuz bilet imkanları və sürətli uduş vədləri gənc nəslin diqqətini daha çox cəlb edir və onları bu riskli vərdişə yönəldir.

Gənclər, xüsusilə də ali və ya orta təhsil pilləsində olan tələbələr, maddi müstəqillik və gəlir əldə etmə arzusu ilə bu oyunlara cəlb olunurlar. Onlar lotereyanı “asan qazanc yolu” kimi görür, lakin nəticədə maddi ziyana, psixoloji gərginliyə və asılılıq təhlükəsinə düçar olurlar.

Elə müxtəlif fəsillərdə müxtəlif ərazilərdə aparılan müşahidələr də gənclərin və valideynlərin yanında olsa belə azyaşlıların “pozub qazanmaq” tələsində olduğunu göstərir. Paytaxtda insan axınının günün əksər vaxtlarında intensiv olduğu  metro stansiyalarının ətrafında nəinki  qocalar, orta yaşlılar, o cümlədən tələbələr, yeniyetmələr, hətta azyaşlılar da pozmaqla məşğuldur.

Harada daha çox kütlə toplamaq olar, orda peyda olurlar. Böyük supermarketlərin qarşısında, hətta qapısının ağzında qocasından tutmuş azyaşlısına qədər belə zərərli vərdişə meyl etməsi üçün canfəşanlıq göstərilir.

Ən azından kazinolarda “face kontrol” deyilən nəzarət var – azyaşlılar buraxılmır. Bütün şəhəri başına götürmüş “Poz qazan” mətəqələrində buna kimdir nəzarət edən? Görünən odur ki, bilet satışından faiz əldə edən satıcılar bir çox hallarda əksinə gəncləri şirnikdirirlər.

Xatırladaq ki, “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti 2021-ci il yanvarın 16-dan Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.

Prime Leasing