SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bayırşəhərdə söküntü qalmaqalı: Sakinlər narazıdır, qurumların mövqeləri üst-üstə düşmür

"Bayırşəhər"də söküntü qalmaqalı: Sakinlər narazıdır, qurumların mövqeləri üst-üstə düşmür

Bakı

Bakının mərkəzində yerləşən “Bayırşəhər” ərazisində söküntü işlərinin aparılacağı barədə xəbərlər sakinləri ciddi narahat edib. Sakinlər bildirirlər ki, bu məhəllə yalnız yaşayış yeri deyil, həm də paytaxtın tarixi-mədəni irsinin mühüm bir hissəsidir. Dövlət qurumlarının isə məsələ ilə bağlı açıqlamaları bir-birinə ziddir.

Məsələ ilə bağlı Yurd Media-ya danışan “Bayırşəhəri qoruyaq” təşəbbüs qrupunun rəhbəri Zahidə Əzizova deyib ki, sakinlər sosial şəbəkələrdə təşkilatlanaraq etirazlarını bildirirlər:

“Azərbaycan prospekti ilə M.Fətəli, Çingiz Mustafayev və Nizami küçələrinin sakinlərindən ibarət qrupumuz var. Sosial mediada petisiya başladıq, yüzlərlə imza topladıq. İnsanlara izah edirik ki, ərazinin sökülməsi "Bakı 2040 Baş Planı"nda yoxdur. Bu məhəllə Xüsusi Mühafizə Zonasıdır. Nazirlər Kabinetinin söküntü barədə heç bir qərarı yoxdur. Prezidentin imzaladığı sənədlərə zidd olaraq evlərin satın alınması və söküntü işlərinin aparılması cinayətdir”.

Onun sözlərinə görə, sakinlər mütəmadi olaraq şüarlarla ictimaiyyətə müraciət edirlər: “Bayırşəhər məhəlləsi tariximizdir, onu məhv etməyin!”

Sakinlərin müraciətləri və dövlət qurumlarının cavabları

Sakinlər məsələ ilə bağlı bir sıra qurumlara müraciətlər ünvanlayıblar, amma cavablar ziddiyyətli olub.

Yasamal Rayon İcra Hakimiyyəti əvvəlki məktublarında söküntü planının olmadığını bildirsə də, sonrakı cavablarda “qəzalı binaların sökülməsi və sakinlərin kompensasiya ilə köçürülməsi” barədə məlumat verib.

Bakı Şəhər İcra Hakimiyyəti müraciətləri Yasamal RİH-ə və Mənzil-Kommunal Təsərrüfat Departamentinə yönləndirib. Departament isə cavabında söküntü aparmadığını desə də, Yasamal RİH paralel olaraq köçürülmə prosesinin başladığını etiraf edib.

Ombudsman Aparatı da şikayətlər əsasında məsələni araşdırıb. Cavablarda “ərazidə qiymətləndirmə işlərinin aparıldığı, müstəqil şirkətlərin evlərin dəyərini hesabladığı” qeyd edilib.

Memarlar İttifaqı isə öz məktubunda sual qoyub: əgər yenidənqurma layihəsi varsa, ictimaiyyət niyə onunla tanış edilmir?

Şəhərsalma və Arxitektura Komitəsi rəsmi açıqlamasında tam fərqli mövqe ifadə olunub. Bildirilir ki, Bakı Baş Planında tarixi irsin qorunması ilə yanaşı, mənzil fondunun yenilənməsi, yaşıllıqların artırılması əsas məqsədlərdəndir. Bu çərçivədə Mərkəzi Parkın genişləndirilməsi layihəsi həyata keçirilir.

Komitənin məlumatına görə, yeni layihələndiriləcək sahə “Nizami” metrostansiyası ətrafında 21 hektara yaxın ərazini əhatə edəcək. Burada yaşıllaşdırma işləri, süni göl, idman və mədəniyyət zonaları, uşaq meydançaları və yeraltı avtodayanacaq nəzərdə tutulur. Rəsmi açıqlamaya görə, tarixi tikililərin isə sökülməsi deyil, bərpası və parka inteqrasiyası planlaşdırılıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə fərqli açıqlama verilib. Qurum bildirir ki, Bayırşəhərdə 72 dövlət mühafizəsində olan abidə mövcuddur. Bundan əlavə, monitorinqlər nəticəsində yeni tarixi tikililər də aşkar olunaraq siyahıya salınıb.

Azərbaycan Memarlar İttifaqının müraciəti əsasında həmin abidələrin bir hissəsi dəqiqləşdirilərək Milli Elmlər Akademiyasına təqdim olunub. Akademiya 33 obyektin dövlət mühafizəsinə götürülməsinə müsbət rəy verib.

Qurum həmçinin xatırladır ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna görə, abidələrin uçurulması və onların görkəminin dəyişdirilməsi qadağandır.

Hüquqi tərəf

Hüquqşünas olan Zahidə Əzizova bildirir ki, bütün bu proseslərdə ciddi hüquqi pozuntular var:

"Baş plan Prezidentin imzası və Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib, amma realda əks addımlar atılır. Tarixi abidələrin siyahıdan çıxarılması və sakinlərin adından kollektiv müraciətlərin edilməsi qanunsuzdur. Sakinlər yalnız öz evləri barədə müraciət edə bilərlər, bütöv “Bayırşəhər” adından isə edilə bilməz".

Beləliklə, dövlət qurumlarının açıqlamaları bir-birini təkzib edir. İcra Hakimiyyəti park salınması üçün köçürülmələrin başladığını bildirir, Şəhərsalma Komitəsi abidələrin bərpasından danışır, Mədəni İrsin Qorunması Xidməti isə həmin ərazidə onlarca dövlət mühafizəsində abidə olduğunu açıqlayır.

Ekspertlər və sakinlər hesab edirlər ki, “İçərişəhər”in davamı hesab edilən “Bayırşəhər”in də Sovetski kimi tarixə qovuşması təhlükəsi var.

Prime Leasing