SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Aşura Günü: İmam Hüseynin xatirəsinə qanvermə aksiyası

Aşura Günü: İmam Hüseynin xatirəsinə qanvermə aksiyası

Bu gün Azərbaycanda Məhərrəm ayının onuncu günü – Aşura münasibətilə ölkənin bütün əsas məscidlərində qanvermə aksiyaları keçirilir. Aksiya Səhiyyə Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi və Respublika Qan Bankının birgə təşkilatçılığı ilə baş tutur.

Yurd Media Təzəpir məscidində keçirilən qanvermə aksiyasından fotoreportaj hazırlayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullayev bildirib ki, Aşura günü müsəlman dünyası üçün olduqca əhəmiyyətli və kədərli bir gündür:

“Allah insana düşüncə, ağıl, təfəkkür verib. Hər bir insan etdiyi hər bir işin mahiyyətini və mənasını dərk etməlidir. Aşura günü Hicri 61-ci ildə (Miladi 680) Kərbəla adlı ərazidə baş verən qanlı faciəni xatırladır. Bu, İslam Peyğəmbərinin nəvəsi İmam Hüseyn və onun ailə üzvlərinə qarşı törədilmiş dəhşətli bir soyqırımı idi. Yezid rejiminin göstərişi ilə İmam Hüseyn və yaxınları amansızcasına şəhid edildi. Onların yalnız canlarına deyil, cəsədlərinə də təhqiramiz şəkildə yanaşıldı, başları kəsilərək nizələrə taxıldı və Şama – o zamankı Dəməşqə göndərildi. Bu faciə bəşər tarixində misli görünməmiş bir ədalətsizlik və qəddarlıq nümunəsidir”.

Hacı Fuad Nurullayev bildirib ki, bu gün İmam Hüseynin əziz xatirəsi təkcə dini bir məqam olaraq deyil, həm də azadlıq, ədalət və insanlıq simvolu kimi anılır:

“İmam Hüseyn heç vaxt zülmə boyun əymədi. O, az bir dəstə ilə böyük bir orduya qarşı çıxsa da, haqsızlığın qarşısında diz çökmədi. O, öz şəhadəti ilə bütün insanlara haqq və ədalət uğrunda mübarizənin necə aparılmalı olduğunu göstərdi. İmam Hüseynin mübarizəsi təkcə müsəlman dünyasına deyil, bütün bəşəriyyətə nümunədir”.

Sədr müavini bildirib ki, keçmişdə Aşura günlərində insanlar öz bədənlərinə xəsarət yetirərək matəmi ifadə edirdilər. Lakin bu gün din xadimləri və Qafqaz Müsəlmanları İdarəsi bu cür halların qarşısını almaq, mərasimi daha mənəvi və faydalı şəkildə keçirmək üçün təşəbbüs göstərib:

“İllər öncə Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi təklif etdi ki, Aşura günü qanvermə aksiyası keçirilsin. İmam Hüseynin adına ehtiyacı olan xəstələrə həyat bəxş etmək, qan bağışlamaq çox daha mənalı və savab əməldir. Bu təşəbbüs artıq illərdir ki, ənənəyə çevrilib. Hər il Aşura günü ölkənin əsas məscidlərində qanvermə məntəqələri qurulur və minlərlə insan könüllü olaraq bu xeyirxah aksiyada iştirak edir. Bu, həm dini, həm də ictimai baxımdan olduqca önəmli təşəbbüsdür”.

Respublika Qan Bankının əməkdaşı İlkin Həsənzadə bildirib ki, qanvermə aksiyasında əsasən kişilər iştirak edir. O qeyd edib ki, toplanan qan laboratoriyada yoxlanılır və istifadəyə yararlı olduqda Respublikanın bütün xəstəxanalarında ehtiyacı olan xəstələr üçün istifadə olunur. İlkin Həsənzadə vurğulayıb ki, bu aksiya cəmiyyət üçün çox əhəmiyyətlidir:

“Bu, həm ehtiyacı olan xəstələr üçün böyük köməklikdir, həm də qan verən insan üçün faydalıdır”.

Fotolar: Sadıq Əliverdibəyli

Prime Leasing