Cəlilabad rayonunun Göytəpə şəhərinin Valeh Mehdiyev küçəsində işıq dirəyi qəzalı vəziyyətə düşüb.
Bu barədə “Yurd.Media”ya bir qrup rayon sakini məlumat verib.
Onlar bildirir ki, sovet dövründən qalmış elektrik dirəkləri hər an aşma təhlükəsi ilə üz-üzədir. Bu isə küçədə həm piyadaların, həm də nəqliyyat vasitələri üçün maneəyə çevrilib.
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, rayonun 118 kəndinin 32 kəndində elektrik təsərrüfatında yenidənqurma işləri aparılıb.
Qeyd olunub ki, 2024-cü ildə rayonun Ləkin, Axtaxana və Zərbiəlli kəndlərinin elektrik təsərrüfatı tam yenidən qurulub. Hazırda isə Günəşli, Komanlı, Bəcirəvan kəndlərində yenidənqurma işləri aparılır:
“Son illərdə rayon ərazisində 102 km 10 kV-luq hava elektrik verilişi xətti çəkilib, 360 km ÖİN markalı kabel elektrik verilişi xətti çəkilib və 13900 ədəd müxtəlif gərginlikli dayaqlar quraşdırılıb. Eyni zamanda 130 ədəd müxtəlif güclü yeni müasir tipli komplekt transformator məntəqələri quraşdırılıb. “Azərişıq” ASC-yə ünvanlanmış rəsmi məktublara cavab olaraq bildirilib ki, yenidənqurma işləri davam etdirilir və “Azərişıq” ASC-nin “Tədbirlər Planı” əsasında, həmçinin investisya proqramı çərçivəsində köhnə elektrik şəbəkələri hamısı mərhələli şəkildə yenilənəcəkdir”.