Quba-Xınalıq yolunun 48-ci km-də yerləşən körpü ucma təhlükəsi ilə üz-üzə qalıb. Körpünün dayaqları və bütün hissəsi çökməyə başlayıb.
Son günlər müşahidə edilən yağıntılı hava körpünün uçma təhlükəsini daha da artırıb. Hazırda üzərindən nəqliyyat vasitələri hərəkət edən körpü real təhlükə mənbəyi olaraq ətraf sakinləri və bu yoldan istifadə edən sürücüləri narahat edir.
Yurd.Media xəbər verir ki, Bizim.Media-ya bu barədə danışan sakinlər körpünün hər an uça biləcəyindən narahatlıqlarını ifadə ediblər.
Qubadakı 5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov Quba-Xınalıq yolunun 48-ci km-dəki körpünün qəzalı vəziyyətdə olduğunu təsdiqləyib.
Quba icra başçısının birinci müavini Tariyel İbrahimov sorğumuza cavabında körpünün hazırki vəziyyəti barədə aidiyyəti qurumlara məlumat verildiyini bildirib.
Qeyd edək ki, Xınalıq yolundakı 42-ci km-də daha bir körpü də keçən il iyulun 29-da uçmuşdu. Hazırda həmin körpünün yenilənməsi işləri gedir. Hava şəraiti imkan verdikcə, körpüdə tikinti işləri aparılır. Bu körpü istifadəyə verilməmiş digərinin də eyni hala düşməsi narahatlıq doğurur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli saytımıza bildirib ki, körpüyə baxış keçirilib, bərpa işlərinin aparılması üçün sənədlər toplanaraq aidiyyəti üzrə təqdim olunub.
Çıxarılacaq qərara uyğun olaraq körpüdə bərpa işlərinjn aparılması nəzərdə tutulub. Təhlüləsizlik baxımından körpü ilə yük maşınlarının hərəkəti dayandırılıb. Yalnız minik avtomobillərinin körpüdən keçidinə icazə verilir.