Dünyada davam edən müharibələr, geosiyasi gərginlik və iqtisadi böhranlar gündəmi zəbt etsə də, bəşəriyyət üçün ən ciddi və uzunmüddətli təhlükələrdən biri iqlim dəyişikliyidir. Alimlər onilliklərdir qlobal istiləşmə ilə bağlı xəbərdarlıq etsələr də, uzun müddət bu çağırışlar lazımi səviyyədə nəzərə alınmadı. Bu gün isə həmin proseslərin nəticələri dünyanın müxtəlif bölgələrində açıq şəkildə müşahidə olunur.
Avropada rekord istilər hökm sürür, bir çox ölkələrdə meşə yanğınları və quraqlıq müşahidə edilir. Azərbaycanda isə son aylarda intensiv leysan yağışları, sel və daşqınlar əhalini narahat edən əsas təbiət hadisələrinə çevrilib. Bəs bu proseslər qlobal iqlim dəyişikliyinin nəticəsidirmi və Azərbaycanı gələcəkdə hansı risklər gözləyir?
Mövzu ilə bağlı Yurd.Media-ya açıqlama verən Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru, professor Rza Məmmədov bildirib ki, dünyada baş verən iqlim dəyişiklikləri Azərbaycandan da yan keçmir.
Professorun sözlərinə görə, aparılan tədqiqatların nəticələri göstərir ki, ölkə ərazisində orta çoxillik temperatur iqlim normasına nisbətən 1,1–1,3 dərəcə artıb. Bu göstərici regionlardan və yüksəklik qurşaqlarından asılı olaraq dəyişir.
Alim qeyd edib ki, temperaturun yüksəlməsi dağlarda buz və qar ehtiyatlarının daha sürətlə əriməsinə səbəb olur. Nəticədə yaz aylarında çaylarda daşqınların sayı artır, lakin yay mövsümündə su ehtiyatları azalır və quraqlıq riski güclənir.
Rza Məmmədov bildirib ki, bu il bəzi günlərdə yağıntının miqdarı gündəlik normanı xeyli üstələsə də, ümumilikdə illik yağıntı norması hələ aşılmayıb. Onun sözlərinə görə, son illərdə Azərbaycanda quraqlıq şəraitinin üstünlük təşkil etməsi meşə yanğınlarının artmasına və səhralaşma prosesinin sürətlənməsinə səbəb olur. Bununla belə, bu il yağan intensiv yağışlar su anbarlarının dolmasına müsbət təsir göstərib və ölkənin içməli su ehtiyatlarının bərpasına müəyyən töhfə verib.
Professor vurğulayıb ki, yağıntıların artması Xəzər dənizinin səviyyəsinə ciddi təsir göstərmir. Çünki Xəzər qapalı su hövzəsidir və onun əsas su mənbəyi – təxminən 80–85 faiz – Volqa çayıdır. Volqada su sərfinin azalması Xəzər dənizinin səviyyəsinin enməsinin əsas səbəblərindən biridir. Bundan əlavə, intensiv buxarlanma da bu prosesə təsir göstərir.
Onun sözlərinə görə, Xəzər dənizinin su balansı əsasən üç amildən asılıdır: dənizə tökülən çayların axını, su səthində baş verən buxarlanma və atmosfer yağıntıları. Son dövrlərdə Xəzərə tökülən çaylarda, xüsusilə də onun əsas qida mənbəyi olan Volqa çayında ortaillik axının azalması dəniz səviyyəsinin aşağı düşməsində həlledici rol oynayır.
coğrafiya elmləri doktoru, professor Rza MəmmədovRza Məmmədov hesab edir ki, artıq iqlim dəyişikliyinin səbəblərini müzakirə etməkdən daha çox, dəyişən şəraitə uyğunlaşma strategiyalarının hazırlanmasına diqqət yetirilməlidir. Onun fikrincə, insanların həyat tərzi, kənd təsərrüfatı, şəhərsalma və digər sahələr dəyişən iqlim şəraitinə uyğunlaşdırılmalı, bu istiqamətdə uzunmüddətli tədbirlər həyata keçirilməlidir.
Alim həmçinin vətəndaşları sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan hər hava proqnozuna inanaraq təşvişə düşməməyə çağırıb. O bildirib ki, hava və iqlimlə bağlı məlumatlar yalnız rəsmi və peşəkar meteoroloji mənbələrdən izlənilməlidir. Bu kimi həssas məsələlərdə qeyri-dəqiq məlumatlara əsaslanmaq düzgün deyil.
Professorun sözlərinə görə, qlobal istiləşməni yalnız insan fəaliyyəti ilə izah etmək doğru yanaşma deyil. Yer kürəsinin geoloji tarixində dəfələrlə təbii iqlim dəyişiklikləri baş verib. Bununla belə, müasir dövrdə insan fəaliyyəti bu prosesləri sürətləndirən əsas amillərdən biri hesab olunur.
Məhz buna görə də dövlətlər mövcud təbii resurslardan daha səmərəli istifadə etməli, su və enerji təhlükəsizliyini təmin edən uzunmüddətli siyasət həyata keçirməli, eyni zamanda mümkün ekoloji risklərin qarşısını almaq üçün iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərini gücləndirməlidirlər.
Mütəxəssisin fikrincə, iqlim dəyişikliyi artıq gələcəyin problemi deyil. Bu proses bu gün də öz təsirlərini göstərir və onun nəticələrinin minimuma endirilməsi üçün həm dövlət, həm də cəmiyyət səviyyəsində vaxtında və kompleks tədbirlərin görülməsi zəruridir.