Fiziklərdən inqilabi kəşf: Zamanı ölçmək üçün yeni metod

Fiziklərdən inqilabi kəşf: Zamanı ölçmək üçün yeni metod

Zamanın ölçülməsi insanlar üçün yaknız saat əqrəblərinin hərəkəti ilə müəyyən olunur. Ancaq keçmiş ilə indiki an arasında saniyələri saymaq kvant səviyyəsində, elektronların hərəkət etdiyi aləmdə bəzən mümkün olmur.

Yurd.Media "Bundle.app"a istinadən xəbər verir ki, İsveçin Uppsala universitetindən olan alimlərin apardığı araşdırma kvant qeyri-müəyyənliyinə yeni bir yanaşma təklif edib. Alimlər “Rydberg vəziyyəti” adlanan hadisənin dalğa təbiətindən istifadə edərək, zamanın ölçülməsi üçün başlanğıc nöqtəsi tələb etməyən yeni bir üsul hazırlayıblar.

Rydberg atomları adi atomların “şişirdilmiş” versiyası sayılır. Bu atomlar, lazerlə yüksək enerji vəziyyətinə keçirilmiş və elektronların nüvədən uzaq orbitlərdə dövr etdiyi bir struktura malikdir. Belə atomlar kvant kompüter texnologiyalarında və yüksək dəqiqlikli ölçmə cihazlarının hazırlanmasında mühüm rol oynayır.

Rydberg elektronlarının davranışı təsadüfi bir rulet oyununa bənzədilir və onların hərəkəti “Rydberg dalğa paketi” adlı riyazi modelə əsasən izah edilir. Bir neçə belə paket eyni atom içində qarşılıqlı təsirə girdikdə, unikal dalğa interferensiya naxışları yaranır. Bu naxışlar hər birinin fərqli vaxt intervallarına uyğun gəlir.

“Əgər siz klassik bir sayğacdan istifadə edirsinizsə, onda mütləq sıfır nöqtəsini müəyyən etməlisiniz. Yəni, bir yerdən saymağa başlamalısınız. Bu metodun üstünlüyü isə ondadır ki, saatı başlatmağa ehtiyac yoxdur – sadəcə interferensiya strukturuna baxırsınız və deyirsiniz: "Bəli, bu 4 nanosaniyədir” – deyə layihəyə rəhbərlik edən fizik Marta Berholts “New Scientist” jurnalına bildirib.

Bu texnika, zaman anlayışının ölçülməyə çətin olduğu hallarda, hadisələri daha kiçik miqyasda izləmək üçün istifadə oluna bilər. Ən maraqlısı isə odur ki, bu zaman damğaları ənənəvi "başla-bitir" anlayışına ehtiyac duymur – bu, naməlum bir sprinterin yarışını sabit sürətlə qaçan digər sprinterlərlə müqayisə etməyə bənzəyir.

Tədqiqat göstərir ki, texniklər, pompa-prob üsulu ilə Rydberg vəziyyətlərindən alınan siqnalları izləyərək, saniyənin trilyonda 1,7 hissəsi qədər qısa zaman kəsiyini belə ölçə bilərlər.