ABŞ-ın Corciya Universitetinin alimləri tərəfindən görünməz və gündəlik həyatda istifadəyə mane olmayan beyin-kompüter interfeysi (BCI) hazırlanıb. Bu yenilikçi cihaz baş dərisinin altına yerləşdirilə bilən, çox nazik və siqnalları dəqiqliklə ötürə bilən simsiz sensorlardan ibarətdir.
Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, layihəyə rəhbərlik edən professor Honq Yeo tərəfindən hazırlanan bu interfeys, istifadəçinin elektrik beyin siqnallarını kompüter, robotik əzələlər və ya digər cihazlara ötürə bilir. Yeni nəsil bu sensor kompakt dizayna malikdir, rahatlıqla quraşdırılır və uzun müddət istifadəyə yararlıdır.
Ən önəmli xüsusiyyətlərindən biri də cihazın fiziki görünməz olması və gündəlik həyatda – qaçış, idman, iş fəaliyyəti zamanı heç bir narahatlıq yaratmamasıdır. İstifadəçi istədiyi hərəkəti yalnız fikirləri ilə həyata keçirə bilir, bu isə fiziki məhdudiyyətləri olan insanlar üçün mühüm yenilik hesab olunur.
Əli və ya ayağı olmayan, protez istifadə edən və ya hərəkət qabiliyyəti məhdud olan insanlar üçün bu texnologiya böyük imkanlar yaradır. Onlar cihaz vasitəsilə yalnız düşüncə ilə istədikləri hərəkətləri yerinə yetirə bilərlər.
Mütəxəssislər bu texnologiyanın gələcəkdə tibbi reabilitasiya və süni intellekt sahələrində geniş tətbiq olunacağını bildirirlər.