Ötən il selektiv abort cəhdinə görə iki qadın ölüb.
Yurd.Media xəbər verir ki, bunu APA-ya müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri, Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli deyib.
"Ümumiyyətlə, abortlar qadın orqanizmi üçün çox təhlükəlidir. Beynəlxalq standart medikamentoz (dərmanla - red.) aborta üstünlük verir. İnvaziv müdaxilələri azaltmağa üstünlük verir. İnvaziv müdaxilələr uşaqlıqda infeksiyaların, mexaniki travmaların alınmasına səbəb olur. Bu da ağırlaşmalara və ölümlərə gətirib çıxarır", - T.Rəcəbli bildirib.
Onun sözlərinə görə, selektiv abortlara ciddi nəzarət olunmalıdır:
"Dövlət Statistika Komitəsinin rəqəmlərinə istinadən, 2023-cü ildə doğulmuş qız uşaqlarının sayı 52 802, oğlanların isə 59 812-dir. Bu nisbətə baxanda o qədər də ciddi pozulma müşahidə olunmur. Sadəcə nisbətin saxlanılması üçün selektiv abortlara ciddi nəzarət olunmalıdır. Bizim də buna uyğun Səhiyyə Nazirliyi tərəfindən verilmiş təlimatlarımız var".
O vurğulayıb ki, dölün cinsi 12 həftədən sonra məlum olur:
"Bizim kliniki protokollar sosial və tibbi göstəriş yoxdursa, selektiv aborta icazə vermir. Bu halda selektiv abortlar edilirsə, qeyri-qanunidir. Abortlar demoqrafiyamıza və genofondumuza çox mənfi təsir edən faktordur. Bununla bağlı davamlı maarifləndirmə işləri aparılmalıdır".