Dələduzlar kartdan pul çəkmək üçün hansı fəndlərə əl atır? – DİN ispektoru AÇIQLADI

Dələduzlar kartdan pul çəkmək üçün hansı fəndlərə əl atır? – DİN ispektoru AÇIQLADI

Son 3 gün ərzində kiber hücumlar nəticəsində vətəndaşlardan 193 538 manat və 595 dollar oğurlanıb.

Yurd.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin baş inspektoru Elbrus İbrahimov Xəzər TV-yə açıqlamasında bildirib ki, 7 aprel tarixində 66 997 manat, 8 apreldə 87 067 manat, 9 apreldə isə 39 504 manat və 595 dollar vətəndaşların hesablarından qanunsuz şəkildə çıxarılıb.

E.İbrahimovun sözlərinə görə, polisə edilən müraciətlər zamanı vətəndaşlar qeyd edirlər ki, onlara xarici nömrədən zəng gəlir, bəzən görüntülü zəng də olur. Zəng edən şəxs özünü rəsmi qurumun əməkdaşı kimi təqdim edir və telefona müdaxilə olduğunu bildirərək kart sahibindən şəxsi məlumatlarını tələb edir. Bir çox vətəndaş bu hiyləyə inanaraq kart məlumatlarını paylaşır və nəticədə hesablarındakı vəsait tam şəkildə oğurlanır.

İnspektor əlavə edib ki, kiber dələduzlar müxtəlif üsullardan istifadə etsələr də, məqsəd eynidir – vətəndaşların bank hesablarındakı pulları ələ keçirmək. Maarifləndirmə və təbliğat işləri aparılsa da, bəzi insanlar hələ də dələduzlara aldanaraq şəxsi məlumatlarını paylaşırlar.

Elbrus İbrahimovElbrus İbrahimov

Elbrus İbrahimov vurğulayıb ki, bu cür dələduzluqların qurbanı yalnız yaşlı və pensiyaçı insanlar deyil, ali təhsilli şəxslər də kiber dələduzların tələsinə düşə bilirlər, çünki dələduzlar sosial şəbəkələrdə bank adı ilə saxta səhifələr yaradaraq insanlara müxtəlif vədlərlə yaxınlaşır və onları aldadırlar.

"Qısa zamanda daha çox pul qazanmaq istəyi, bəzən, insanı bütün pulundan məhrum edir", – deyə Elbrus İbrahimov vurğulayıb.

Qeyd edək ki, bu cür kiber hücumlar əsasən xaricdən idarə olunur. Dələduzlar adətən fişinq linkləri göndərərək vətəndaşların şəxsi məlumatlarını ələ keçirirlər. Buna görə də, həm xarici, həm də yerli nömrələrdən edilən şübhəli zənglər zamanı vətəndaşlar heç bir halda kart nömrəsini, CVV kodunu və digər şəxsi məlumatları qarşı tərəfə bildirməməlidirlər.