Göytəpə şəhərində elektrik təsərrüfatı təhlükə mənbəyinə çevrilib

Göytəpə şəhərində elektrik təsərrüfatı təhlükə mənbəyinə çevrilib

Cəlilabad

Cəlilabad rayonunun Göytəpə şəhərində elektrik təsərrüfatı təhlükə mənbəyinə çevrilib.

Yurd.Media xəbər verir ki, şəhərin Namiq Həsən küçəsində yaşayan sakinlərin "İctimai TV"yə bildirdiyinə görə, ötən əsrin 60-cı illərində qurulan elektrik infrastrukturu artıq yararsız vəziyyətdədir.

Köhnəlmiş naqillər külək əsən zaman qırılaraq yerə düşür və nəticədə küçə uzun müddət işıqsız qalır. Sakinlər təhlükəni azaltmaq məqsədilə evlərin divarlarına bitişik dayaqlar quraşdırıb, həmçinin qısaqapanmaların məişət avadanlıqlarına ziyan vurmaması üçün elektrik tənzimləyici qurğulardan istifadə edirlər.

Şikayətçilər qeyd edirlər ki, gündüz saatlarında elektrik gərginliyi 160 volt təşkil etdiyi halda, axşam saatlarında bu göstərici 110 volta qədər enir. Bu isə məişət texnikasının normal işləməsinə imkan vermir. Sakinlərin sözlərinə görə, stabilizator qurğuları olmadan soyuducu və televizor kimi avadanlıqlar işlək vəziyyətdə qala bilmir.

Məsələ ilə bağlı Azərişıq ASC-dən bildirilib ki, yaxın vaxtlarda Göytəpə şəhərinin Namiq Həsən küçəsində və digər ərazilərində elektrik təsərrüfatının yenilənməsi işlərinə başlanılacaq. Layihə çərçivəsində köhnə naqillər və elektrik xətləri tamamilə yenisi ilə əvəz olunacaq.