Son günlər paytaxt ərazisində baş verən yanğın hadisələrinin sayı nəzərəçarpacaq dərəcədə artmaqdadır. Bu cür halların daha tez-tez təkrarlanması ictimaiyyətin diqqətini cəlb edir və narahatlığa səbəb olur.
Yurd.Media xəbər verir ki, bu barədə Moderator.az- a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, yanğın fövqəladə hadisədir və bundan100% sığortalanmaq olmur:
“Təbii ki, bu cür hadisələrin baş verməməsi üçün mütləq yanğın təhlükəsizliyi haqqında qaydalara, təlimatlara, tövsiyələrə mütləq ciddi riayət edilməlidir və bu qanunvericiliklə təsbit olunub.Yanğından qoruma qaydaları yanğın təhlükəsi haqqında qanun da göstərilib. Ümumiyyətlə, hər bir obyektdə yanğın təhlükəsizliyi rejimi yaradılmalıdır və bu rejim daxili əmrlə formalaşdırılır. İşçilərə yanğın təhlükəsizliyi ilə bağlı qaydalar və təlimatlar öyrədilməli, riskli materiallarla düzgün davranış prinsipləri aşılanmalıdır. İş vaxtı və iş vaxtından sonra otaqların necə tərk olunmalı olduğu, açıq alovdan istifadə qaydaları və bu kimi məsələlər yanğın təhlükəsizlik normativlərinə uyğun şəkildə tənzimlənməlidir. Elektrik və məişət avadanlıqlarından düzgün istifadə olunmalı, elektrik təsərrüfatı daim saz vəziyyətdə saxlanmalıdır. Elektrik sisteminin normadan artıq yüklənməməsi və ona kənar müdaxilələrin edilməməsi vacibdir. Hər il ixtisaslaşmış müəssisə tərəfindən elektrik kabel və naqillərinin gərginliyə davamlılığı yoxlanmalı, nəticələr əsasında sınaq protokolu tərtib olunmalıdır. Statistik göstəricilərə əsasən, baş verən yanğınların böyük əksəriyyəti elektrik qısaqapanmasından qaynaqlanır. Bu səbəbdən elektrik sistemindəki nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması son dərəcə vacibdir. Qızma, qısaqapanma və digər texniki nasazlıqlar tez alışma nəticəsində yanğına səbəb ola bilər”.
Ekspert vurğulayıb ki, elektrik şəbəkəsinin normadan artıq yüklənməməsinə diqqət yetirilməlidir:
“Yanma qabiliyyəti yüksək olan materiallarla düzgün davranış sərgilənməlidir. Onların saxlanması, daşınması və emalı prosesləri mövcud normativlərə uyğun şəkildə həyata keçirilməlidir. Anbarlar, köməkçi otaqlar, arakəsmələr, tavan hissələr kimi sahələr yanmanı gecikdirən məhlullarla gücləndirilməlidir. Yanma riski yüksək olan materiallar arakəsmələrdən və ya tavan hissələrindən ayrılmalıdır. Bu, yanğın hadisəsi zamanı onun qısa müddətdə geniş əraziyə yayılmasının qarşısını almağa kömək edir. Bütün bu proseslər və təlimatlar ona görə nəzərdə tutulur ki, yanğın hadisəsi ümumiyyətlə baş verməsin. Əgər baş verərsə, onun qarşısını vaxtında almaq mümkün olsun. Digər vacib məsələ isə təchizat məsələsidir. Bütün obyektlərdə qanunvericiliklə müəyyən olunmuş qaydada ilkin odsöndürmə vasitələri, yanğın xəbərdaredici siqnalizasiya sistemləri, yanğın dolabları, ehtiyat su çənləri, təxliyə yolları, təhlükəsiz keçid yolları, yanğın hidrantları, su dolabları və yanğın şitləri mövcud olmalı və saz vəziyyətdə saxlanılmalıdır. Belə olan halda, bu cür hadisələr zamanı onlardan istifadə etməklə yanğının vaxtında söndürülməsi mümkün olar. Proseslər bu prinsiplə qurulur: ilk növbədə yanğının baş verməsinin qarşısı alınmalı, əgər baş verərsə, təchizat saz vəziyyətdə olmalı və işçilər müvafiq bilik və bacarığa malik olmalıdırlar ki, vaxtında müdaxilə etməklə onun qarşısını ala bilsinlər. Yanğın hadisəsi ümumiyyətlə obyektin növündən və yanğının başladığı yerdən asılı olaraq mürəkkəb bir prosesdir”.
E.Nurəliyev yanğının söndürülməsi və ya qarşısının alınması prosesinin asan olmadığına diqqət çəkib: “Yanğınsöndürməyə gələn qüvvələrin gücləndirilməsindən tutmuş, içəridə qalan şəxslərin xilas edilməsinə qədər, ərazinin mühafizəyə götürülməsindən kənar şəxslərin içəri daxil olmasının qarşısının alınmasına, insanların təxliyəsi, yanan obyektdən çıxarılması, əmlakın qorunması – bütün bunlar kifayət qədər mürəkkəb və ciddi proseslərdir. Buna görə də əsas məqsəd yanğın hadisəsinin baş verməməsinə çalışmaq olmalıdır. Əgər belə hadisə baş verərsə, keçid yolları açıq və istifadəyə hazır olmalıdır. Bəzən yanğınsöndürənlər hadisə yerinə daxil olmaqda çətinlik çəkirlər. Keçid yollarının bağlı olması, şlaqbanların qoyulması, nəqliyyat vasitələrinin düzgün park edilməməsi yanğınsöndürmə avtomobillərinin əraziyə daxil olmasına mane olur. Hətta maşın daxil olsa belə, istifadə ediləcək su ehtiyatı məsələsində problemlər ortaya çıxır. Su nasaz vəziyyətdədirsə, bu yolverilməzdir. Eyni qaydada, hidrantlar, su dolabları, ilkin odsöndürmə vasitələri, siqnalizasiya sistemləri də işlək vəziyyətdə olmalıdır. Təəssüf ki, bəzən bu sistemlər işləmir. Bax, bu səbəblə bütün bu avadanlıq və sistemlərin daim saz vəziyyətdə saxlanılması vacibdir ki, belə fövqəladə hallarda onlardan vaxtında və effektiv şəkildə istifadə olunaraq yanğının qarşısı alınsın”.