Vətənpərvərlik dildədir yoxsa…

Vətənpərvərlik dildədir yoxsa…

Azərbaycanda ən  çox müzakirə mövzusu bəlkə də rus dili və rus bölməsində təhsil almağa bağlıdır. Ana dilini üstün tutanlar rus dilini daha mükəmməl bilənlərin ölkə üçün təhlükə olduğunu iddia edirlər. Rus dilində danışan vətəndaşların vətənpərvərlik hissi zəif olduğunu və hər zaman Rusiyanın tərəfini tutduqlarını düşünürlər. Əgər yutubun və axtarış sisteminin dərin qatlarını araşdırsaq, bu yöndə onlarla, yüzlərlə yazıya və videoya rast gələrik. Bəzən eyni-eyni ekspertlər ya rus dilinin əleyhinə, ya da lehinə fikir bildirir, külək hara əssə, o tərəfə da üz çevirirlər.

Rusdilli əhaliyə qarşı aqressiv yanaşma bəzən açıq, bəzən gizli formada özünü büruzə verir. Bununla yanaşı vaxtilə keyfiyyətli təhsil almış rusdilli azərbaycanlıların əksəriyyəti öz Azərbaycan dilini qaydasında bilir, yaxşı vəzifələrdə çalışırlar. Əvvəllər rus dilini bilməmək savadsızlığın əlaməti hesab olunurdu. Bu düşüncə hələ də ictimaiyyət arasında yaşamaqdadır.

Rusdilli təbəqə çoxdurmu? Onlar doğrudan da təhlükə mənbəyidirlər?

Müstəqillik illərində rus dili dayanmadan mövqelərini itirib. Ölkədə rusdilli verilişlər çoxdan bağlanıb, bir neçə telekanalı çıxmaq şərtilə TV-lərin rus redaksiyaları çoxdan sıradan çıxıb. Rus dilində olan filmlərin bir çoxu Azərbaycan dilinə tərcümə olunub. Dublyaj studiyaları dayanmadan filmləri ana dilinə çevirirlər.

2000-ci ildən sonra dünyaya göz açan gənclərin çoxu praktik olaraq rus dilini bilmirlər. Türkiyə türkcəsi rusun dilini çoxdan əvəzləyib. Azərbaycan türkcəsi ilə eyni qrupdan olan bir dili mənimsəyən gənclik rahatlıqla bu qarışıqdan hazırlanan kokteyldən yararlanır. Nəsə, dil tədricən əriyib gedir.

Çox dil bilmək beyin inkişafına müsbət təsir edir, demensiya riski azaldır. Bu aydın bilinən həqiqətdir. Belə insanların məntiqi düşüncəsi də, beyindəki neyron əlaqələri də daha güclü olur, informasiyanı yaxşı anlayir.

Bəzi ekspertlər rus dilinin Azərbaycan dilini çirkləndirdiyini iddia edirlər. Amma rus dilinin təsiri il-ildən azalır, faktiki olaraq dili yaxşı bilən adamları artıq əldə çıraqla axtarırıq. Türkiyə türkcənin dilimizə təsiri daha çoxdur. Küçələrdə Azərbaycan və türk dillərini qarışdıran uşaqların səsi getdikcə daha çox eşidilir, rusdillilər isə bir təbəqə kimi tədricən sıradan çıxırlar.

Rus dilinin vətənpərvərliyə təhlükə olduğu barədə də fikirlər dolaşır. Bu təhlükə varsa da, çox cüzidir. İnternetdən gələn yapon animeləri, Koreya serialları, Hollivudun zorakılıq və narkotiklə dolu olan filmləri bəs vətənpərvərliyə təhlükə deyil? Hər azərbaycanlı uşaq gözünü dünyaya açandan bir balaca siçanın iri bir pişiyi kötəklədiyini görür. Düşünür, yəqin elə belə də olmalıdır. Nə yaxşı ki, vətənpərvərlik böyük mənada dillə və ya kino ilə elə də əlaqəli deyil. Vətənə olan sevgi su, hava və nəhayət qanla ötürülür. Yoxsa çoxdan yox olub getmişdik...