Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Yurd.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 30/14 ünvanında yerləşən "Azər-Aqro LTD" şirkətinə məxsus "Kəndli yarmarkası"nda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çox sayda nöqsanın mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
- obyekt yanğın su hovuzu ilə təmin olunmayıb;
- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
- pilləkən qəfəsinin tavan konstruksiyasının bəzədilməsində yanar material olan lambirindən istifadə olunub, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;
- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;
- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 30/14 ünvanında yerləşən "Azər-Aqro LTD" şirkətinə məxsus "Kəndli yarmarkası"nın inzibati binasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.