Quba rayonu Çiçi kəndində aramsız yağan yağışlar nəticəsində sel suları yaşayış olan evləri dağıdıb.
Yurd. Media xəbər verir ki, bununla bağlı kənd sakinləri “Qafqazinfo”ya müraciət ediblər.
Sakinlərin sözlərinə görə, evlərin giriş-çıxışını, damları sel yuyub aparıb, mənzillər uçma təhlükəsi ilə üz-üzədir: “Hazırda kənddə yollar bərbad vəziyyətdədir. Sel suları evlərin içinə dolub”.
Vətəndaşlar təhlükə səbəbindən evlərinə girib yaşaya bilmirlər.
Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, hazırda problemlərin aradan qaldırılması istiqamətində işlər görülür: “Təkcə Çiçi kəndində deyil, Qubanın bir çox kəndlərində vəziyyət oxşardır. Ötən gün yağan güclü yağışlar sel daşqınlarına səbəb olub. Sel daşqınları əhalinin təsərrüfatına, yol-nəqliyyat infrastrukturuna, işıq, qaz, rabitə sahəsinə təsirsiz ötüşməyib. Hazırda bütün bunların aradan qaldırılması üçün işlər gedir”.