Gəncədə şagirdlər müəllimi döyüb - TƏFƏRRÜAT - YENİLƏNİB

Gəncədə şagirdlər müəllimi döyüb - TƏFƏRRÜAT - YENİLƏNİB

Gəncə

Gəncədə şagirdlərin müəllimi döyməsi hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

Yurd.Media xəbər verir ki, liseyin direktoru Əliağa Səfərəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, 10.04.20025-ci il tarixdə 08:45 radələrində məktəbin Azərbaycan bölməsinin idman müəllimi, 1985-ci il təvəllüdlü Fərrux Bəham oğlu Quliyevlə liseyin IX və X sinfində oxuyan 2 qardaş arasında tənəffüsdə mübahisə yaranıb:

“İnsindent təxminən 3-4 dəqiqə davam edib. Rus bölməsinin IX sinfində oxuyan qardaşlardan birinin təhsil müəssisəsində aynanın qarşısında qeyri etik əyləşməsinə müəllimimiz Fərrux Quliyev irad bildirib. Şagirdin buna etirazı onlar arasında mübahisəyə çevrilib. Bu zaman həmin şagirdin qardaşı da müəllimə yaxınlaşıb və hər ikisi müəllimə fiziki təzyiq göstəriblər. Mən eşidən kimi həmin yerə yaxınlaşdım və şagirdləri otağıma apardım.

Məktəbin psixoloqunu da otağa dəvət etdim ki, şagirdlərlə söhbət aparsın. Müəllim də kabinetimə gəldi. Otaqda da növbəti insindent yaşandı. Sonra da polis əməkdaşları məktəbə gəldilər və şagirlərin valideyninin iştirakı ilə onlar polis idarəsinə aparıldılar”.



17:14

Gəncə şəhərində şagirdlərlə müəllim arasında mübahisə baş verib, müəllim xəsarət alıb.

Yurd.Media xəbər verir ki, hadisə şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində qeydə alınıb.

Mübahisə zəminində məktəbin müəllimi xəsarət alıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi, 1985-ci il təvəllüdlü F.Quliyev arasında tənəffüsdə mübahisə yaranıb.

Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər ona fiziki təzyiq göstəriblər. Nəticədə xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib.

Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.