Naxçıvanda 75 yaşlı qadını öldürüb quyuya atdılar

Naxçıvanda 75 yaşlı qadını öldürüb quyuya atdılar

  • 23 aprel 2025, 11:34
Naxçıvan

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinə Şərur rayonunun Oğlanqala kəndində 1 nəfərin meyitinin quyudan çıxarılması üçün müraciət daxil olub.

Yurd.Media FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlərlə meyit dərinliyi təqribən 35 metr olan su quyusundan (içərisində su olmayan) çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Naxçıvan Muxtar Respublikası Pokurorluğu və Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib ki, aprelin 22-də saat 19:20 radələrində bir nəfər Şərur rayon Oğlanqala kənd sakininin öldürülərək su quyusuna atılması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Şərur rayon Oğlanqala kənd sakini 1986-cı il təvəllüdlü Aypara Əsgərovanın yaşadığı evdə tamah məqsədilə həmkəndlisi, 1950-ci il təvəllüdlü Zeynəb İsmayılovanı qəsdən öldürdükdən sonra evin həyətində yerləşən su quyusuna atmasına əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları dərhal hadisə yerinə gələrək təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Tədbirlər nəticəsində Aypara Əsgərova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.