“Aqroservis”-in mənimsəmədə ittiham olunan sabiq vəzifəli şəxsinə hökm oxunub

“Aqroservis”-in mənimsəmədə ittiham olunan sabiq vəzifəli şəxsinə hökm oxunub

Lənkəran

Kənd Təsərrüfatı Nazirliyinin “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin külli miqdarda mənimsəmədə ittiham olunan Lənkəran-Lerik-Astara rayon bölməsinin sabiq rəisi Rahim Rzayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yurd.Media APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 4 min manat cərimə edilib.

Məhkəmə onun həbsdə olduğunu və dövlətə vurduğu ziyanı tam ödədiyini yüngülləşdirici hal hesab edib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilməsini istəmişdi.

Rahim Rzayev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda və xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 29,318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham edilib.

Ona ittiham olunduğu 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə bəraət verilib.