Azərbaycan Dəmir Yolları OSC-nin tabeliyində olan Məmmədli dayanacağında yeniliyə imza atılıb. Sumqayıt istiqamətində yerləşən çıxışda turniketlərin sayı dəfələrlə artırılıb. Stansiyadan çıxışda yaranan sıxlıq aradan qalxıb, proses rahatlaşıb.
Bu məsələ kiməsə kiçik görünər bəlkə də, amma elə də əhəmiyyətsiz iş deyil. Əgər haradasa 3-4 il öncə Məmmədlidən şəhərə gedən və geriyə dönən elektrik qatarları bir rahatlıq mənbəyi kimi görünürdüsə, sonralar bu proses ciddi sıxlıqla müşahidə olunan bir işə çevrildi.
Qatar səhər işə gedən, axşam isə evinə geri dönən yüzlərlə insanın həyatında mühüm rol oynayan bir vasitədir. Hətta tıxac səbəbindən avtomobilini yaxınlıqda park edib qatarla hərəkət edən xeyli adam var. Səhər qatar stansiyasının yaxınlığında ailə üzvlərini düşürüb öz işinə gedən şəxslər də az deyil. Komfort baxımından bu qatarın misli-bərabəri yoxdur. Nə olur-olsun səhər qatara özünü yetirməli, axşam da onunla evinə çatdırmalısan.
Məmmədlidə stansiya ətrafı həmin maşınlarla dolu olur. Axşam da eyni mənzərəni müşahidə edirik, kimi həyat yoldaşını, kimi qızını qarşılayır. Kimsə də səhər dayanacaqda saxladığı avtomobilinə minib evinə tərəf yönəlir. Yaxınlıqdakı binalarda yaşayan sakinlər də tələsmədən mənzillərinə doğru gedirlər.
Bir müddət öncə isə axşam qatarından düşən sərnişinlərin vəziyyəti heç də ürəkaçan görünmürdü. Haradasa yüzdən çox insan cəmi 2 turniketdən keçməli olurdu. İşə gedəndə 2 turniket bəlkə də kifayət edər, çünki evdən 5-10 dəqiqə tez çıxa bilərsən, amma axşam mütləq həmin keçiddə ilişib qalacaqsan.
Orta hesabla hər bir sərnişin həyatının 10 dəqiqəsini burada itirirdi. Harada çoxluq varsa, orada gərginlik, itələşmə, söz-söhbət olur. Uşaqlı analar belə o dar keçiddən irəliləmək imkanına malik deyildilər, çünki gərək o qapıya ən azı çatasan axı. Belə tıxacda nə qədər əsəb keçirən insan sağlamlığını itirib desək, yanılmarıq.
Uzun sürən bayramdan sonra isə yeni turniketlər göz oxşadı, hər bir sərnişin həyatına 10 dəqiqə əlavə elədi. Orta hesabla Azərbaycan insanı ildə 240 gün çalışır. Deməli bir ilə 2400 dəqiqə, 40 saat, haradasa 2 gündən bir qədər az zaman edir. 30 il iş stajın varsa, deməli 50 gün qazanmısan. Əsəb sisteminə də xətər dəyməyib. Hər gün yaşadığın 10 dəqiqəlik gərəksiz stress də artıq olmayacaq. Elə də kiçik iş deyil.
Nəqliyyatda belə kiçik problemlərlə həyatımızda hər gün rastlaşırıq. Məsələn, kimsə turniketə yaxınlaşaraq kartı axtarmaqla məşğul olur, yolu bağlayır və sən həmin şəxsə görə zaman itirirsən, kimsə arxasına keçirdiyi torbanı çıxarmaq istəmir deyə onlarla sərnişin qapının önündə ilişib qalır. Metroda çantanı müşahidə aparatına yerləşdirmək əvəzinə polislə qarşıdurmaya çıxan nə qədər şəxsə görə zaman itiririk, bir Allah bilir. Nə öz zamanına hörmət qoyur, nə də başqasının. Bu kiçik görünən işləri qaydasına sala bilsəydik, ömrümüzə bir ömür də əlavə edərdik bəlkə də.
Bu gün Məmmədli sakinləri bir ilə 40 saat qazanıblar. Hər gün həyatından 10 dəqiqə itirən insana bundan yaxşı hədiyyə ola bilərmi? Belə durum zamanını qiymətləndirənlər üçün əvəzolunmaz haldır.