Böyük Britaniya səfirliyinə məxsus avtomobilin sürücüsünün Bakıda kobud qayda pozuntusu qeydə alınıb.
Yurd.Media xəbər verir ki, səfirlik avtomobilinin avtobus dayanacağı və velosiped zolağında qaydaları pozmasına dair fotonu sosial şəbəkədə teleaparıcı İlkin Həsəni paylaşıb.
O, fotonu “Yeni “mikrodiplomatiklik” zolaqları” başlığı ilə təqdim edib.
Qeyd edək ki, qaydaları pozan avtomobilin Böyük Britaniya səfirliyinə məxsus olduğu bildirilir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycanda avtobus zolaqları və velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə, inzibati xətaların hər biri 100 manat cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.
Eyni zamanda avtobus dayanacağının zəbt edilməsinə görə cərimə məbləği 40 manatdır. Bu, avtobus (və ya trolleybus, tramvay) dayanacağında və ya (5.12,5.13) yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması hallarında tətbiq edilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur.
Məlumata görə, qayda pozuntuları ilə bağlı müvafiq sənədləşmə aparılaraq məlumat aidiyyəti üzrə təqdim olunur.