AFFA İntizam Komitəsi I Liqa təmsilçisi "Qaradağ Lökbatan" klubuna texniki məğlubiyyət verib.
"Yurd.media"nın AFFA-dan aldığı məlumata görə, Lökbatan təmsilçisi səfərdə "Cəbrayıl"la qolsuz heç-heçə etdiyi oyunda adları matçın protokolunda olmayan futbolçuları meydana daxil etdiyinə görə cəzalanıb.
Qərara əsasən Fərid Məmmədovun rəhbərlik etdiyi komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmçinin "Qaradağ Lökbatan" 400 manat cərimə edilib.
Qeyd edək ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Qaradağ Lökbatan"ın xalı bu qərardan sonra 14-ə enib. "Cəbrayıl" isə 19 xalla 8-ci olan "Difai" klubuna çatıb.